Gündəlik həyatınızda qulaqlıqla musiqi dinləyərkən dostunuz və ya qohumunuzdan “Xərçəng xəstəliyi yaradır, çox istifadə etmə” və ya “Qulaqların kar olacaq” cümlələrini yəqin ki, eşitmisiniz. Bu məlumatı haradan əldə etdiyini soruşduqda isə yəqin ki, kimdənsə eşitdiyini qeyd edəcək. Bunun əsaslı olub-olmadığı isə sual altındadır.
Bu mövzuda qısa bir araştırma etdim, əldə etdiyim məlumatları və çıxardığım nəticəni sizə təqdim edirəm.
Sidney Kimmel Xərçəng Mərkəzinin Neyro-onkologiya şöbəsinin müdiri Dr. Glassın sözlərinə görə, qulaqlıqların uzun müddət istifadəsi, beynə yaxın olması narahatlıq yaratsa da, xərçəngin inkişafına təsir göstərməsi ehtimalı çox azdır. 2016-cı ildən satışa buraxılan qulaqlıqların xərçəng yaratma ehtimalını hesablamaq üçün bir qədər tezdir. Qulaqlığın hər 10 şəxsdən 6-da olması da bu ehtimalı doğrultmur.
Qulaqlıqların əsas təhlükəsi onların qulağınıza çox yaxın olması və çox yüksək səviyyədə səs çıxara bilməsidir. Bu, eşitmə qabiliyyəti üçün təhlükəlidir, çünki yüksək səslər, ümumiyyətlə, qulaqlara zərər verir.
Bəs qulaqların kar olma ehtimalı necə?
Gəlin eşitmə prosesinə nəzər salaq. Hər hansı musiqidən gələn səs dalğası qulağımıza çatanda, qulaq pərdəsinin titrəməsinə səbəb olur. Bu titrəmə kiçik sümüklər vasitəsi ilə daxili qulağa ötürülür və oradan koklea adlanan hissəyə daxil olur. Koklea qulaqda minlərlə kiçik “tük” ehtiva edən maye ilə dolu bir kameradır. Səsin titrəməsi kokleaya çatan zaman buradakı maye titrəməyə başlayır. Mayenin titrəməsi, tüklərin hərəkətinə səbəb olur. Daha yüksək səslər, daha çox titrəməyə və tüklərin daha çox hərəkətinə səbəb olur.
Qulaqlıqla yüksək səsli musiqi dinlədikdə, tüklər daha çox hərəkət edir. Uzun müddət yüksək səsli musiqi dinlədikdə isə tüklər səsə qarşı olan həssaslığını itirir. Bu eşitmənin zəifləməsinə səbəb olur.
Kaliforniyanın Vallejo şəhərindən olan osteopatik pediatr Dr.Foyun sözlərinə görə, “Səs nə qədər yüksək olsa, müddəti bir o qədər qısa olmalıdır.” Maksimum səs səviyyəsində gündə cəmi beş dəqiqə dinləməlisiniz." Yüksək səsli musiqiyə uzun müddət qulaq asmaq o səs tonuna alışmaq deməkdir. Zaman keçdikcə ətrafımızdakı insanlardan da həmin desibeldə danışmağı tələb edəcəyik.
Bu gün əksər qulaqlıqlar 120 desibelə qədər səs çıxara bilir ki, bu da rok konsertindəki səs səviyyəsinə bərabərdir. Bu səviyyədə eşitmə itkisi 1 saat 15 dəqiqədən sonra baş verə bilər. Dr. Foyun sözlərinə görə "Xəstələrimə və onların valideynlərinə vurğulayıram ki, qulaqlıqlarla nəyəsə qulaq asarkən ətrafınızda baş verənləri eşitmirsinizsə, desibel səviyyəsi çox yüksəkdir". Siz musiqi ilə birgə ətrafınızda gedən münaqişələri və söhbətləri də duymalısınız. Doktor Foy tövsiyə edir ki, insanlar qulaqlıq vasitəsilə dinləyərkən maksimum səsin 60%-ni keçməməlidir.
Fikrimcə, gözlərimiz göz qırpmayla, beynimiz unutmaqla və dərimiz isti cisimlərə toxunmaqla özünə sərhədlər qoyduğu kimi qulaqlarımızda müəyyən səs səviyyəsi ilə hüdudlanıb. Uzun müddət eyni tonda danışan birini gün ərzində bir neçə saat dinləsək, ətrafa uyğunlaşmaqda çətinlik çəkəcəyik. Çünki, qulağımızdakı tükcüklərin həssaslığı həmin tona vərdiş edəcək. İlk zərəri özümüz yaradırıq.
Xərçəng xəstəliyi ilə bağlı olaraq bu halın yaranması üçün ciddi tədqiqatlar aparılmalıdır. Çünki, hər xərçəng xəstəsi qulaqlıq istifadə etmir və hər qulaqlıq istifadə edən xərçəng xəstəliyinə tutulmur. Bu mövzuda araşdırma aparılmalı və səsin həqiqətən də hüceyrələrin bölünmə tezliyinə təsir edərək xərçəngi yarada bildiyi haqqında fikir təsdiq olunduqdan sonra müzakirə olunmalıdır. Çünki, xərçəng hüceyrənin mutasiyası nəticəsində, sürətlə bölünməsi və ölməməsi ilə nəticələnən bir xəstəlikdir.
Comments