Bildiyimiz kimi, son dövrlərdə əksər xəstələr müalicənin effektiv olmamasından şikayətlənirlər və bir çox hallarda müalicənin effektinin olmamasını, sanki həkimin bilikli olmaması ilə əlaqələndirirlər. Unutmamalıyıq ki, müalicənin keyfiyyətinə təsir edən bir sıra faktorlar vardır. Bunlara: -Düzgün diaqnozun qoyulması; -Müalicənin düzgün təsdiqi; -Təyin edilmiş dərmanların keyfiyyətli olması; -Təyin edilmiş dərmanı aptek əməkdaşı tərəfindən xəstəyə düzgün verilməsi (heç bir dəyişiklik edilmədən); -Həkimin təyin etdiyi dərmanların xəstə tərəfindən vaxtlı-vaxtında və tələb olunan müddətdə qəbul edilməsi və s. daxildir. Adətən aptek əməkdaşı tərəfindən xəstəyə düzgün dərman verilməməsi faktoru diqqətdən kənar qalır. Ancaq, nəzərə almaq lazımdır ki, müalicə keyfiyyətini müəyyən edən əsas amillərdən biri də, xəstənin ona təyin olunmuş dərman ilə müalicə olunmasıdır. Ölkəmizdə bu hala tez-tez rast gəlinir. Aptek əməkdaşlarının belə bir addım atmasına və həkimlərin təyinatına müdaxilə etməsinə bir neçə səbəb saymaq mümkündür.
Bu mövzu ilə bağlı həkimlərin fikirlərini öyrəndik. Həkimlərin sözlərini olduğu kimi sizə təqdim edirik. - “ Bu hal, mənim praktikamda da hər gün rast gəldiyim bir problemdir. Demək olar ki, gün ərzində ən azı iki-üç dəfə aptek əməkdaşları zəng edərək, reseptə yazdığım bir dərmanın olmadığını və əvəz edicisini verə bilərəm mi? deyə soruşurlar və bu məqamda həkimi fakt qarşısına qoyaraq, yazdığı dərmanın aptektdə olmadığını, əvəz edicisinin olduğunu bildirirlər. Bir çox hallarda isə pasientimin başqa dərman aldığını ikinci səfər müayinəyə gəldiyində öyrənirəm. Soruşduqda isə əksəriyyəti aptek əməkdaşlarının dərmanı əvəzlədiyini bildirirlər. Təbii ki, belə xəstələrdə ya xəstəliyin dərəcəsi ağırlaşmış olur ya da, ən yaxşı halda isə müalicənin effekti olmur. Düşünürük ki, bu məsələ mütləq nəzarətə götürülməlidir.” Bəs aptek əməkdaşları bu addımı niyə atırlar? Adını vermək istəməyən bir neçə aptek əməkdaşından bu davranışın səbəbini öyrəndik. Bu səbəblərə aşağıdakılar daxildir. -Aptek müdiriyyəti tərəfindən bəzi dərmanların satışı məcbur edilir və bu dərmanlar satılmadıqda aptek əməkdaşının maaşından tutulur. Bəzən aptek rəhbərliyinin satmaqda maraqlı olduğu bu dərmanların mənfəəti digərindən daha çox olur. -Bəzi hallarda isə yalnız müdiriyyətin deyil, aptek əməkdaşının da dərmanı dəyişməkdə maddi marağı olur. -Başqa bir halda isə aptek əməkdaşı müştərini itirməmək üçün hal hazırda aptekdə olmayan dərmanı başqası ilə əvəz edir. Aptek əməkdaşlarının və aptek rəhbərliyinin bu addımı, ən sonda xəstələrin sağlamlığına mənfi təsir edir və müalicə keyfiyyətini aşağı salır. Bu səbəbdən də xəstələrin bu mövzuda maariflənməsi və aptek əməkdaşından məhz reseptdə yazılmış dərmanı tələb etməsi vacibdir. Bu mövzu ilə bağlı həkimlər də öz xəstələrini maarifləndirməlidir. Hər hansı bir xəstə, xəstəliyinin müalicəsi üçün həkimə müraciət edir. Əgər reallıqda xəstəliyin müalicəsini həkimlər deyil apteklər etsəydi, o zaman xəstələr həkimlərə deyil apteklərə yaxınlaşardı. Aptek əməkdaşı heç vaxt reseptdəki dərmanı dəyişə bilməz və ya oxşarını verə bilməz. Daha ətraflı bundan sonraki məqalələrimizdə məlumat verəcəyik.
Kommentare