Orqanizmin sağlamlığı ilk olaraq insanların qərarlarına əsasən çərçivələnir. Məsələn, biz soyuq qış günündə bayıra nazik futbolka geyinib çıxsaq, güman ki, soyuqdəymə kənardan gülümsəyib evə bizimlə yoldaş olaraq qayıdacaq..
Günümüzdə insanların ilk olaraq psixoloji daha sonra fizioloji məruz qaldığı dərman vasitəsi olan narkotik maddələr bir nömrəli asılılığa çevrilib. Axı hər bir orqanın qandan məmnuniyyətlə təhvil aldığı maddə niyə ilk olaraq orqanlara əzab verməli, daha sonra ölümlə üz-üzə gətirməlidir? Yəqin ki, qanımız bir nəqliyyat vasitəsi olaraq fikir bildirmək istəsəydi, hər narkotik stansiyasından fasiləsiz keçərdi.
Tiryək laləsindən alınan narkotik maddələr morfin, heroin, amfetamin, hallusinogenlər və çətənə olmaqla fərqli tərkiblərə ayrılır.
1800-cü illərin əvvəllərində həkimlər və elm adamları tiryəkin asılılıq yaradan xüsusiyyətlərindən xəbərdar idilər. Buna görə də ağrıkəsici kimi tiryəkdən alınan opiloidlərdən istifədənin təhlükəsiz yollarını axtarmağa başladılar.
1803-cü ildə 21 yaşlı əczaçı köməkçisi Freidrich Sertürner xaşxaşla təcrübə aparmağa başladı və xaşxaşın qatranlı saqqızından insana fizioloji təsir göstərən üzvi alkaloidi əldə etdi. Sertürner bir müddət sonra alkaloidin ağrıkəsici və öskürək əleyhinə tiryəkdən daha güclü təsir göstərdiyini müşahidə etdi. O, bu maddəni insanları yuxuya apardığı üçün yunanların yuxu tanrısı olan Morfeyin şərəfinə “Morfin” adlandırdı. Morfin yetişməmiş lalənin yəni, xaşxaşın kapsullarının xüsusi bıçaqla cızılması nəticəsində sızan südəbənzər mayenin günəşdə bərkiyib qəhvəyi rəngə çevrilməsi nəticəsində yaranır. Bu maddə güclü zəhər olsa da ağrıkəsici və narkotik maddə kimi istifadə olunur.
Morfindən təbabətdə çox güclü ağrıkəsici kimi istifadə edilir. Heroin isə sintetik üsulla morfindən alınır. Heroin təsirinə və asılılıq yaratma qüvvəsinə görə ən güclü narkotik vasitə hesab olunur. Opioidləri həm tütünə qarışdırıb çəkmə, həm qoxulama, həm də vena daxilinə yeritməklə qəbul edirlər. Əksər hallarda ilk əvvəl bütün ağrılar yox olur, yuxulu durum başlayır, əhval dəyişir, sonradan ətraflar ağırlaşır, ağızda quruluq yaranır, bütün orqanizmə sanki istilik yayılır, burundan ifrazat, tərləmə, ishal, arasıkəsilməyən əsnəmə, hərarət, yuxusuzluq və ən əsası, nəyin bahasına olursa olsun, yenidən opiat qəbul etmək istəyi yaranır. Tiryəkdən istifadə edən şəxslər adətən tənəffüsün dayanmasından dünyasını dəyişirlər.
Narkotik maddələrin digər bir növü olan amfetamin ilk dəfə yapon kimyaçı tərəfindən sintez olunmuşdur. İkinci Dünya Müharibəsində yaponlar və almanlar tərəfindən bu dərmanı tank sürücülərini oyanıq tutmaq və işçilərin verimliliyini artırmaq üçün istifadə edilirdi. Sürət artırıcı kimi bilinən amfetamin idmançılar, tələbələr, yük maşını və motosiklet sürücüləri tərəfindən istifadə olunan narkotik kimi tanınmağa başlandı. Qərbdə motosiklet dəstələri üçün dərman istehsal edən aşpazlar, reseptsiz satılan soyuqdəymə dərmanlarının tərkibində efedrinin olduğunu və bu maddənin metamfetamin istehsal etdiyini aşkar edirlər. Metamfetamin amfetamindən iki dəfə daha effektlidir. Ana dərman kimi amfetamindən hazırlanan metamfetamin də artan fəaliyyət və danışıq qabiliyyətinə, iştahın azalmasına, xoş əhval-ruhiyyə və ya eyforiyaya səbəb olur. Sadəcə, fərq burasındadır ki, oxşar dozalarda daha çox miqdarda narkotik beyinə daxil olur və onu daha güclü stimullaşdırıcı edir.
Digər bir narkotik növü olan kokain Cənubi Amerikada koka bitkisinin yarpaqlarından hazırlanmış stimullaşdırıcı dərmandır. Amazon meşələrində və And dağlarında yaşayan yerli xalqlar enerjili olmaq üçün üçün koka ağacının yarpaqlarını çeynəyirdilər, Avropalı alimlər ilk dəfə 1850-ci illərdə kokain yarpaqlarından kokaini təcrid ediblər. Bir vaxtlar müalicəvi "möcüzə dərmanı" kimi təriflənən kokainin mütəxəssislər indi dünyada ən çox asılılıq yaradan maddələrdən biri olduğunu etiraf edirlər.
Dərmanı özü istifadə edən avstriyalı psixoanalitik Ziqmund Freyd kokaini depressiya və iktidarsızlığı müalicə etmək üçün tonik kimi geniş təbliğ edirdi. Lakin, Freyd obyektiv müşahidəçi deyildi. O, müntəzəm olaraq kokaindən istifadə edirdi. Müəyyən vaxtdan sonra onu sevgilisinə və ən yaxşı dostuna da təyin edir və ümumi istifadə üçün tövsiyə edirdi. Kokainin "fiziki və mənəvi deqradasiyaya" səbəb olduğunu qeyd edən Freyd, yaxın dostlarını da kokaindən istifadəyə təşviq edirdi, nəticədə isə onlardan biri "dərisində ağ ilanların sürünməsi" ilə paranoid halüsinasiyalar görməyə başladığını qeyd etdi.
1886-cı ildə Con Pemberton Coca-Cola adlı yeni sərinləşdirici içkiyə koka yarpaqlarını daxil etdikdən sonra dərmanın populyarlığı daha da artdı. İstehlakçıya olan həvəsli və enerji verici təsirlər, əsrin əvvəlində Coca-Cola-nın populyarlaşmasına kömək etdi. Lakin, kolaya olan tələbat artdıqca narkotikin təhlükələri daha da aydın oldu. İnsanların ictimai təzyiqi ilə 1903-cü ildə Coca-Cola şirkəti sərinləşdirici içkidən kokaini çıxarmağa məcbur oldu.
1905-ci ilə qədər kokain hopdurmaq populyarlaşdı və beş il ərzində xəstəxanalar və tibbi ədəbiyyat bu dərmanın istifadəsi nəticəsində burun zədələnməsi hallarını bildirməyə başladı. 1912-ci ildə Birləşmiş Ştatlar hökuməti bir il ərzində 5000 kokainlə əlaqəli ölüm xəbərini verdi və 1922-ci ilə qədər narkotik rəsmi olaraq qadağan edildi. Lakin, 2008-ci ildən etibarən kokain dünyada ən çox satılan ikinci qanunsuz narkotikə çevrildi.
Orqanizmimizi qoruyaq onu ölümə aparan və zədələyən təsirlərə yox deyək. Çünki, o bizim üçün təmənnasız olaraq 24 saat dayanmadan işləyən mühərrikdir və sadəcə təhlükəsiz yanacaqla təmin olunmaq istəyir!
Comments